Bakı Beynəlxalq Kitab Sərgisində “İskəndərnamə” kitabının təqdimatı olub
Bakı, 14 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində Atatürk Universitetinin professoru Nimet Yıldırımın “İskəndərnamə” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, müəllif kitab haqqında məlumat verərək Nizaminin ən son qələmə aldığı, İskəndərin həyat hekayəsinin təfərrüatlı və bədii şəkildə təqdim olunduğu bu əsərdə tarixi, mədəni və bir çox ədəbi və mifoloji elementlərin cəmləndiyini bildirib. Vurğulanıb ki, burada İskəndərin özünün üç əsas xüsusiyyəti ilə - sərkərdəliyi, müdrikliyi və peyğəmbərliyi ilə fərqlənməsi diqqət çəkir.
“Təbii ki, şeir formasında yazılan əsəri tərcümə etmək mənim üçün daha çətin oldu. Kitabın bəzi hissələri həm nəzm, həm də nəsr formasında alındı. Qeyd etməliyəm ki, ilk dəfə olaraq müstəqil “İskəndərnamə” yazmış oldum. Buradakı mifologiyalar həqiqi faktlara əsaslanan hadisələrin şişirdilməsi olduğunu söyləyə bilərik”, - deyə kitabın müəllifi diqqətə çatdırıb.
Təqdimat müzakirələrlə davam etdirilib.