Bakı Slavyan Universiteti beynəlxalq dayanıqlılıq reytinqində mövqeyini yaxşılaşdırıb
Bakı, 25 iyun, AZƏRTAC
Bakı Slavyan Universiteti (BSU) nüfuzlu “Times Higher Education” tərəfindən açıqlanan “THE Sustainability Impact Rankings 2026” reytinqində mövqeyini yaxşılaşdıraraq ötənilki 1500+ diapazonundan 1001+ diapazonuna yüksəlib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu nəticə BSU-da dayanıqlı inkişaf istiqamətində həyata keçirilən sistemli fəaliyyətin və beynəlxalq səviyyədə əldə olunan nailiyyətlərin göstəricisidir. 2026-cı il üzrə “THE Sustainability Impact Rankings” reytinqində iştirak edən 1600-dən çox ali təhsil müəssisəsi arasında Bakı Slavyan Universiteti BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə bir sıra istiqamətlərdə uğurlu nəticələr əldə edib. Belə ki, universitet DİM 5 - gender bərabərliyi üzrə 201-300-cü diapazonda yer alıb. DİM 1 - yoxsulluğa son, DİM 13 - iqlim dəyişikliyinə qarşı mübarizə və DİM 16 - sülh, ədalət və güclü institutlar istiqamətləri üzrə 401-600-cü diapazonda qərarlaşıb. Eyni zamanda, DİM 4 - keyfiyyətli təhsil və DİM 10 - bərabərsizliyin azaldılması üzrə 601-800-cü, DİM 3 - sağlamlıq və rifah, eləcə də DİM 8 - layiqli əmək və iqtisadi artım üzrə 801-1000-ci diapazonda nəticə göstərib. Universitet DİM 17 - məqsədlər naminə tərəfdaşlıqlar istiqaməti üzrə isə 1001-1500-cü diapazonda yer alıb.
Qeyd edək ki, əldə edilən nəticələr universitetdə inklüziv təhsil, gender bərabərliyi, sosial rifah, iqlim fəaliyyəti və beynəlxalq əməkdaşlıq sahələrində həyata keçirilən tədbirlərin uğurlu nəticəsidir.