BAKIDA 11-Cİ AZƏRBAYCAN BEYNƏLXALQ İNŞAAT SƏRGİSİ AÇILIR
Tədbiri Azərbaycan Dövlət Tikinti və Arxitektura Komitəsinin tikinti sənayesi və beynəlxalq əlaqələr şöbəsinin müdiri Azər Xanlarov açaraq bildirmişdir ki, Böyük Britaniyanın İTE Group PLC və onun Qafqazdakı məxsusi tərəfdaşı olan İteca Caspian şirkətləri tərəfindən təşkil olunan “BakuBuild-2005” sərgisi dünyanın 20 ölkəsindən 180 şirkəti qəbul edəcəkdir ki, bu da ölkə iqtisadiyyatına xeyli sərmayə cəlb olunmasına geniş imkanlar yaradır. İqtisadi İnkişaf Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Ticarət və Sənaye Palatası və digər dövlət və qeyri-hökumət qurumları sərginin keçirilməsini dəstəkləmişlər.
İteca Caspian şirkətinin direktoru Fərid Məmmədov, sərginin menecerləri və başqaları çıxış edərək bildirmişlər ki, artıq 11-ci dəfə keçirilən və 4 gün davam edəcək sərgidə, ilk dəfə, ənənəvi bölmələrlə yanaşı, yeni “Landşaft layihələşdirilməsi” və “İnşaat kimyası” bölmələri də təqdim olunacaqdır. Bu ildən başlayaraq, sıravi istehlakçı üçün geniş çeşidli məhsullar və xidmətlər təqdim ediləcəkdir. Qeyd olunmuşdur ki, hazırda ölkəmizdə geniş tikinti və yenidənqurma işləri aparılır. Bununla əlaqədar, inşaat materiallarına deyil, yeni, ən müasir texnologiyaların tətbiqinə böyük ehtiyac duyulur.
Tədbirin sonunda jurnalistlərin suallarına cavab verilmişdir.