Bakıda 35 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 13-ü saat 12 radələrində 1988-ci il təvəllüdlü Elməddin Hüseynovun ölməsi barədə Sabunçu Rayon Prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, araşdırmalarla 1984-cü il təvəllüdlü Nəsimi Hüseynovun Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək əmisi oğlu Elməddin Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Nəsimi Hüseynov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
X X X
Oktyabrın 13-də saat 12:30 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində 1988-ci il təvəllüdlü Hüseynov Elməddin Ədilxan oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, 1984-cü il təvəllüdlü Hüseynov Nəsimi Sətdar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə şəxsi münasibətlər zəminində olub.
Faktla bağlı araşdırma aparılır.