Bakıda Alman Birliyi Gününün 25 illiyi ilə əlaqədar rəsmi qəbul keçirilib
Bakı, 1 oktyabr, T.Ağayeva, K.Ağayev, AZƏRTAC
Oktyabrın 1-də Almaniyanın Bakıdakı səfirliyi ölkənin milli bayramı - Alman Birliyi Gününün 25 illiyi münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və Almaniyanın dövlət himnləri səsləndirilib. Himnləri Xalq Artisti Fidan Hacıyeva canlı olaraq ifa edib.
Səfir xanım Haydrun Tempel tədbirdə çıxış edərək Alman Birliyi Gününün tarixindən, ölkələrimiz arasında mövcud əlaqələrdən danışıb. Diplomat Almaniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu xatırladıb, gələcəkdə ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev əlamətdar gün münasibətilə alman xalqını Azərbaycan hökuməti adından təbrik edib. O, ölkələrimiz arasında bir çox istiqamətlərdə əlaqələrin genişləndiyini diqqətə çatdırıb, xüsusilə iqtisadiyyat, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin önəmini vurğulayıb.
Qəbulda rəsmi şəxslər, deputatlar, diplomatlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.