BAKIDA AZƏRBAYCAN-KOREYA BİZNES FORUMU İŞƏ BAŞLAMIŞDIR
Tədbirin təşkilatçıları İqtisadi İnkişaf Nazirliyi (İİN), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Koreya Respublikasının Ticarət, Sənaye və Energetika Nazirliyi (MOCİE), eləcə də, bu ölkənin Ticarət və Sənaye Palatasıdır (KCCİ).
Müştərək müəssisələrin yaradılması, qeyri-neft sektoruna sərmayələrin cəlb olunması barədə müzakirələrin aparıldığı forumda Koreya Respublikasını ticarət, sənaye və energetika nazirinin müavini Li Von Qulun rəhbərliyi ilə tanınmış şirkətlərin 61 mütəxəssisdən ibarət nümayəndə heyəti təmsil edir.
Hər iki ölkənin iş adamlarının ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılan foruma Azərbaycandan 100-dən çox dövlət və özəl şirkətin təmsilçiləri qatılmışlar.
Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın müsbət dinamikasından danışan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirmişdir ki, ötən il 2004-cü illə müqayisədə ticarət dövriyyəsi 53 faiz, o cümlədən idxal əməliyyatlarının həcmi 78,2 faiz artmışdır. Cari ildə də bu tendensiya müşahidə olunmaqdadır.
Nazir müavini N.Səfərov demişdir ki, Azərbaycan tərəfi elektrotexnika, gəmiqayırma, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişlənməsində maraqlıdır.
Koreya Respublikasının ticarət, sənaye və energetika nazirinin müavini Li Von Qul vurğulamışdır ki, 2006-cı il mayın 11-də Koreya Respublikasının prezidenti Ro Mu Hyunun Azərbaycana səfəri çərçivəsində keçirilmiş ilk biznes forumda iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı razılığa gəlinmişdir. Bugünkü tədbirdə ötən dövr ərzində görülən tədbirlər və əməkdaşlığın inkişafı üçün yeni təkliflər müzakirə olunacaqdır. O, qeyd etmişdir ki, ölkəmizdə biznesin inkişafı üçün hər cür şərait yaradılmış, bu da koreyalı iş adamlarının respublikamıza marağını artırmışdır.
Biznes forumun əhəmiyyətindən danışan AZPROMO-nun Müşahidə Şurasının sədri Çingiz Əsədullayev tədbir çərçivəsində hər iki ölkənin iş adamları arasında birbaşa danışıqlar aparılacağını demiş, Azərbaycanın sərmayə imkanları barədə koreyalı qonaqlara məlumat vermişdir.
Koreya Respublikasının Bakıdakı səfiri Mun Hayonqun da iştirak etdiyi tədbirdə “Azərbaycanda investisiya imkanları”, “Koreyanın iqtisadi inkişaf strategiyası”, “Azərbaycan iqtisadiyyatının icmalı”, “Koreya-Azərbaycan iqtisadi əlaqələrinin bugünkü vəziyyəti və gələcəyi” mövzularında çıxışlar və təqdimatlar olmuşdur.
Forum öz işini müxtəlif sahələr üzrə avqustun 31-dək davam etdirəcəkdir.