Bakıda Beynəlxalq Kino Gününə həsr edilmiş konsert
Bakı, 20 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 28 dekabr -Beynəlxalq Kino Gününə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət və incəsənət xadimləri, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin kollektivi, G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin müəllim və şagird heyəti, Bakı şəhər muzeylərinin əməkdaşları, gənclər, media nümayəndələri iştirak ediblər.
Azərbaycanda kino sənətinin inkişafından danışan muzeyin direktoru Sevinc Mikayılova son illər bu sahədə əldə olunan uğurlardan söhbət açıb.
O, Azərbaycan kinosunun inkişafında görkəmli bəstəkarların da böyük zəhməti olduğunu diqqətə çatdırıb. Bildirib ki, onların filmlərimizə bəstələdiyi musiqilər ayrı-ayrılıqda bir sənət nümunəsidir.
O, bu sahədə xüsusi xidmətləri olan tanınmış bəstəkarlarımız Fikrət Əmirovun, Rauf Hacıyevin 95, Tofiq Quliyevin 100, Emin Sabitoğlunun 80, Səid Rüstəmovun 110 illikləri münasibətilə cari ildə G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin şagirdlərinin ifasında konsert proqramlarının təşkil olunduğunu bildirib.
Tədbirdə yuxarıda adları çəkilən bəstəkarların həyat və yaradıcılığından söhbət açılıb, əsərlər ifa olunub, videoçarxlar nümayiş etdirilib.
Sonda musiqi məktəbinin şagirdlərinin ifasında Azərbaycan kinosunun musiqi inciləri səsləndirilib.