Bakıda boks üzrə beynəlxalq turnir keçiriləcək
Berlin, 15 noyabr (AZƏRTAC). Almaniyanın Maqdeburq şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Dünya boks komitəsi uzun illərdir ki, fəaliyyət göstərir. Komitənin məqsədi, Avropada və dünyada yaşayan boksçularımızı öz ətrafında birləşdirib, onların idman hüquqlarını qorumaq, dünya arenalarında vətənimizi layiqli təmsil etməkdir.
Artıq idmançılarımız yüksək səviyyəli çempionatlarda iştirak edir və öz töhfələrini verməkdədirlər. Bunlara nümunə olaraq cari ilin dekabr ayının 14-də Bakı şəhərində “Qəbələ” İdman klubunun, Heydər Əliyev adına Dünya boks komitəsinin, Almaniyanın Zaxsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan mədəniyyət cəmiyyətinin təşkilatçılığı və dəstəyi ilə Avropa turniri keçiriləcək.
Yarışda WBO (World Boxing Organization) IBF (International Box Federation) kəmərləri uğrunda həmyerlimiz Fariz Məmmədov Almaniyalı boksçu Matiyas Pelklə mübarizə aparacaqdır. Qeyd edək ki, Fariz Məmmədov yeddi illik fasilədən sonra, 2012-ci ilin may ayından yenidən öz karyerasını uğurla davam etdirərək, keçirdiyi döyüşlərin hamısında qalib gələrək Avropa kəməri uğrunda mübarizə aparmağa vəsiqə qazanmışdır.
Yarışda həmyerlimiz Rəşad Kərimov (79.8kg), Vüsal Əliyev (72,5), Elçin Əhmədov (105kg), Yaqub Sağlam (105kg), Roman Qolovaşşenko (95kg) və müxtəlif ölkələrdən olan boksçular iştirak edəcəklər.
Yarış Eurosport telekanalı ilə dünyanın 62 dövlətində canlı yayımlanacaq. Yayım Avropa vaxtı ilə 20.00-dən 22.00-yə kimi davam edəcəkdir.