Bakıda Dirçəliş, Birlik və Məxdumqulu poeziyası gününü qeyd etmişlər
Bakı, 18 may (AZƏRTAC). Mayın 18-də “Qafqaz” Universitetində Dirçəliş, Birlik və Məxdumqulu poeziyası gününü qeyd etmişlər.
AZƏRTAC xəbər verir ki, tədbir universitet və Türkmənistanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunmuşdur. Ali məktəbin rektoru, professor Əhməd Saniç Məxdumqulu Fəraqini bütün türk dünyasının şairi adlandırmışdır. Məxdumqulu Fəraqinin fəlsəfəsini açıqlayan rektor demişdir: “Bir-birindən ayrı yaşayan millətlərin inkişafı problemdir, birlikdə isə çox şeyə nail olmaq mümkündür”.
Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Toylu Kömekov bildirmişdir ki, hər il mayın 18-də Türkmənistanda Dirçəliş, Birlik və Məxdumqulu poeziyası günü qeyd olunur. Bu, ölkənin ən əsas bayramlarından biridir, türkmən xalqının nəsillərinin qədim mədəniyyətlə qırılmaz əlaqələrinin rəmzidir.
Diplomatın sözlərinə görə, bu, həmçinin eyni dil, mədəniyyət, tarixi irsə malik xalqların dostluq bayramıdır. Məxdumqulu bu dostluğu vəsf etmişdir. Səfir demişdir ki, dostluq şairin bütün çoxcəhətli yaradıcılığının əsas mövzusu olmuşdur.
Professor Əjdər Ağayev Məxdumqulu Fəraqinin böyük şəxsiyyət, vətənpərvər, türkmən xalqının böyük oğlu olduğunu bildirmişdir. Məxdumqulu Fəraqini Molla Pənah Vaqiflə müqayisə edən Əjdər Ağayev bildirmişdir ki, bu şairlər öz xalqlarının ədəbi dilini yaratmışlar. Əjdər Ağayevin fikrincə, Məxdumqulunun dili müasir Azərbaycan dilinə çox yaxındır.
“Qafqaz” Universitetinin tələbələri Məxdumqulunun şerlərini türkmən, Azərbaycan, türk və ingilis dillərində səsləndirmişlər. Bakının müxtəlif ali məktəblərində təhsil alan türkmənistanlı tələbələr xalq mahnılarını və rəqslərini ifa etmişlər.
Tədbirdə Bakıda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, Milli Məclisin deputatları, Bakının müxtəlif ali məktəblərinin təmsilçiləri iştirak etmişlər.