Bakıda görkəmli bəstəkar Sergey Raxmaninovun 150 illik yubileyi qeyd olunub
Bakı, 9 dekabr, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında XX əsrin görkəmli bəstəkarı, pianoçu və dirijor Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş konsert-konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Qara Qarayev adına konfrans zalında baş tutan tədbir “Solo oxuma və opera hazırlığı” kafedrası və “Musiqi nəzəriyyəsi” kafedrasının təşəbbüsü ilə reallaşıb.
Tədbirdə kafedra müdirləri - Xalq artisti, professor Xuraman Qasımova və Əməkdar müəllim, professor Könül Nəsirova çıxış ediblər. Xalq artisti Xuraman Qasımova bəstəkarın əsərləri haqqında fikirlərini bölüşərək gənc musiqiçilərə dəyərli tövsiyələrini verib.
Konsert-konfransda “Solo oxuma və opera hazırlığı” kafedrasının professorları, Xalq artisti Fidan Qasımova, Xalq artistləri Xuraman Qasımova və Gülnaz İsmayılova, Əməkdar artist İlham Nəzərovun tələbələri çıxış ediblər. Gənc vokalçılar Səməd Novruzov, Aydan Səfərli, Emin İsmayılov, Gülnarə Salmanova, Kənan Rəhmanzadə və Sara Tağızadənin ifasında S.Raxmaninovun vokal inciləri Əməkdar artistlər Rəna Ağayeva və Nigar Məlikova, konsertmeysterlər Ülviyyə Əliyeva və Məryəm Yusifovanın müşayiəti ilə səslənib.
Tədbirdə Tarix-nəzəriyyə fakültəsinin magistrantları Nərmin Səfərli, Səma Nadirli, Mətanət Quliyeva, Gülnaz İslamzadə, Səmra Qazıyeva və Nəzrin Məcidzadə dünyaşöhrətli bəstəkarın yaradıcılığından da danışıblar. Tələbələrin təqdimatı dosent Elmira Pənahovanın iştirakı ilə hazırlanıb.
Konsert-konfransı BMA-nın prorektorları, Əməkdar müəllim, professor Nərminə Quliyeva, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, “Tarix-nəzəriyyə” fakültəsinin dekanı Əməkdar müəllim, professor Gülzar Mahmudova və musiqi ictimaiyyəti böyük rəğbətlə qarşılayıb.