BAKIDA GUAM-POLŞA GÖRÜŞÜ KEÇİRİLMİŞDİR
İyunun 18-də Bakıda, Prezident sarayında GUAM-Polşa formatında görüş keçirilmişdir.
Azərbaycan Prezidenti İLHAM ƏLİYEV görüşü açaraq dedi:
-Mən hamınızı Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Biz sizinlə ikitərəfli məsləhətləşmələr apardıq, münasibətlərimizin yeni formatında yığışmışıq. Polşa Prezidenti Lex Kaçinskini əziz qonaq kimi salamlamaq mənə çox xoşdur. Onun GUAM-ın zirvə görüşündə iştirakı bu hadisəyə xüsusi əhəmiyyət verir. Bu gün yeni GUAM-Polşa formatı çərçivəsində bizi birləşdirən, təkcə ölkələrimiz üçün deyil, həm də geniş mənada regional əməkdaşlıq baxımından qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəyik.
Bütövlükdə Avropa İttifaqı ölkələri prezidentlərinin GUAM zirvə toplantısında iştirakı təşkilata marağın, onun əhəmiyyətinin, ciddi beynəlxalq qurum kimi təşəkkülünün parlaq sübutudur. Biz bu yaxınlarda təxminən belə tərkibdə Krakovda görüşmüşdük, çox ətraflı diskussiya apardıq. Münasibətlərimizin gündəliyi çox genişdir və həm siyasi münasibətləri, həm iqtisadi inteqrasiyanı, həm nəqliyyat və energetika sahələrində qarşılıqlı fəaliyyət məsələlərini, həm də humanitar əməkdaşlığı əhatə edir. Başqa sözlə, ölkələrimizin həyatının bütün cəhətləri bu və ya digər dərəcədə bizim ikitərəfli və çoxtərəfli əlaqələrimizin mövzusudur.
Sizi bir daha ürəkdən salamlamaq və zirvə toplantısında iştirakınıza görə təşəkkürümü bildirmək
istəyirəm. Ümidvaram ki, sabahkı gün də bugünkü kimi uğurlu olacaqdır.
Polşa Prezidenti LEX KAÇİNSKİ GUAM ölkələri dövlət başçılarının zirvə görüşünə dəvətə görə dərin minnətdarlığını bildirdi. O, Polşanın bu mötəbər tədbirdə təmsil olunmasını ölkəsinin, eləcə də Avropa İttifaqının GUAM çərçivəsində əməkdaşlığa verdiyi böyük əhəmiyyətin əyani nümunəsi kimi dəyərləndirdi.
Görüşdə GUAM-Polşa əməkdaşlığına dair ətraflı fikir mübadiləsi aparıldı.
Görüşün sonunda xatirə şəkli çəkdirildi.