BAKIDA İSVEÇRƏ SƏFİRLİYİ BİNASININ AÇILIŞI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, mayın 12-də Bakıda, İçərişəhərdə İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpenin iştirakı ilə bu ölkənin Azərbaycandakı səfirliyinin binasının açılış mərasimi olmuşdur.
Azərbaycan hökumətinin üzvlərinin, Milli Məclisin deputatlarının iştirak etdikləri mərasimdən əvvəl İsveçrə Prezidenti səfirliyin binası ilə tanış oldu.
İsveçrə dövlətinin başçısı mərasim iştirakçılarını salamlayaraq vurğuladı ki, dünyada neft sənayesinin inkişafında mühüm rol oynamış, bu sahədə tarixi ənənələrə malik olan Bakı şəhərində İsveçrə səfirliyinin açılması onun çoxdankı arzusu idi və bu gün o, öz arzusuna çatmışdır. Prezident Paskal Kuşpen dedi: “Mən bu səfərim zamanı Azərbaycanın necə inkişaf etdiyini öz gözlərimlə gördüm. Ölkələrimiz arasında bütün sahələrdə münasibətlər uğurla inkişaf edir. Son illərdə Azərbaycan İsveçrədə keçirilən humanitar xarakterli müxtəlif tədbirlərdə fəal iştirak etmişdir”. O, ümid etdiyini bildirdi ki, iki ölkənin xalqları arasında dostluq körpüləri salınmasına şərait yaradan mədəni əməkdaşlıq gələcəkdə də genişlənəcəkdir.
İsveçrə Konfederasiyasının rəhbəri iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın perspektivlərinə toxunaraq bildirdi ki, onun ölkəsinin işgüzar dairələrinin nümayəndələri inşaat materialları istehsalı, energetika, əczaçılıq və kimya sənayesi sahələrində Azərbaycanda həyata keçirilən investisiya layihələrində iştirak etmək istərdi.
Prezident Paskal Kuşpen regionun problemlərinə də toxunaraq bildirdi ki, İsveçrə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin edilməklə dinc yolla həllinə tərəfdardır.
Milli Məclisin sədri Oqtay Əsədov Bakıda İsveçrə səfirliyinin açılması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini çatdırdı. O dedi ki, indiki mərasimdə İsveçrə Prezidentinin iştirak etməsi bu ölkənin Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verdiyini göstərir.
Oqtay Əsədov bildirdi ki, hazırda respublikamızda İsveçrənin 20-dək şirkəti təmsil olunmuşdur və Prezident Paskal Kuşpenin Bakıya səfəri bu ölkənin işgüzar dairələrinin Azərbaycan iqtisadiyyatında iştirakının fəallaşmasına kömək edəcəkdir. İki ölkə arasında dinamik inkişaf edən münasibətlər parlamentlərarası əməkdaşlığın genişlənməsinə də müsbət təsir göstərir. Milli Məclisdə Azərbaycan-İsveçrə dostluq qrupu fəaliyyət göstərir, yaxın vaxtlarda İsveçrə parlamentində də belə qrup yaradılacaqdır.
Milli Məclisin sədri iki ölkə arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsi naminə fəaliyyətində səfirliyin əməkdaşlarına uğurlar arzuladı.
İsveçrə Prezidenti səfirliyin binasına vurulmuş lövhənin üstündən örtüyü götürdü.
İsveçrənin və Azərbaycanın dövlət himnləri səsləndi.
######
