BAKIDA KEÇİRİLƏCƏK DÜNYA KUBOKU YARIŞLARINA BÖYÜK MARAQ GÖSTƏRİLİR
Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yarışlarda hər bir ölkə 3-4 idmançı ilə təmsil olunacaqdır. Azərbaycan gimnastlarına milli komandamızın lideri, 2004-cü ilin Olimpiya oyunlarına lisenziya qazanmış Dinara Gimatova başçılıq edəcəkdir.
Federasiyada əmindirlər ki, Dünya kuboku yarışları yaxınlaşdıqca iştirakçı ölkələrin sayı artacaqdır.
Yarışların birinci günü – aprelin 24-də şəxsi çoxnövçülüyün yekunlarına əsasən, ən güclülər, ertəsi gün isə ayrı-ayrı növlərdə qaliblər müəyyən ediləcəkdir. Elə həmin nümunəvi çıxışlar olacaqdır.
Gözlənildiyinə görə, idman gimnastikası üzrə olimpiya çempionları – rusiyalılar Aleksey Nemov və Svetlana Xorkina da öz nümunəvi nömrələrini nümayiş etdirəcəklər.
Yarışlar Tbilisi prospektindəki idman-sərgi kompleksində keçiriləcəkdir. Kompleksin direktoru Rafiq Behbudov bildirmişdir ki, yarışlara hazırlıq yüksək sürətlə gedir, isitmə və ventilyasiya sistemləri bərpa olunur, digər təmir işləri görülür.