BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 10 avqust, (AZƏRTAC). Avqustun 9-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş geniş çeşiddə kənd təsərrüfatı məhsulları təklif olunurdu. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərov bildirmişdir ki, bazar günü yarmarkada satışa 1,5 ton ət, 0,3 ton ağartı, 1,6 ton meyvə, 2,5 ton kartof, 3,5 ton tərəvəz, 20 kiloqram bal və digər kənd təsərrüfatı məhsulları çıxarılmış, bunların çox hissəsi satılmışdır. Hər şənbə-bazar yarmarkada alış-veriş etdiyini söyləyən pensiyaçı Həqiqət Hacıyeva dedi ki, bazarla müqayisədə burada ucuzluqdur. Ümumilikdə iki gündə yarmarkada 26 tondan çox məhsul satılmışdır.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətindəki yarmarkada
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vahid Zərgərov bildirdi ki, məhsulların çeşidi bol, qiymətləri ucuz, keyfiyyəti yüksəkdir. Bir gün əvvəl Salyan, Qusar, Dəvəçi, Quba, Astara və digər rayonlardan buraya gətirilmiş 67,4 ton kənd təsərrüfatı məhsulunun əksər hissəsi satılıb qurtarmışdır. Yarmarkada xiyarın kiloqramı 30-40, pomidor 50-60, kartof 40-50, şaftalı 50-70, qarpız 25-30, yemiş 30-40 qəpiyə təklif olunurdu.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada şəhər sakinləri təklif olunan müxtəlif çeşidli meyvə-tərəvəzi və heyvandarlıq məhsullarını həvəslə alırdılar. İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri burada Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarından gətirilmiş 115 tondan çox məhsul satılmışdır. Paytaxt sakinləri təzə və keyfiyyətli məhsulların qiymətinin bazardakından 20-25 faiz ucuz olduğuna görə razılıq edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov demişdir ki, Suraxanı rayonu ərazisindəki yarmarkalarda iki gün ərzində Samux, Daşkəsən, Quba, Biləsuvar, Balakən, Lənkəran və Cəlilabad rayonlarından gətirilmiş 74 ton 800 kiloqram məhsul satılmışdır. Bunun 68 ton 600 kiloqramı “Günəş” ticarət mərkəzindəki yarmarkanın, 6 ton 200 kiloqramı isə “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkanın payına düşür. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, ət və süd məhsulları baytar müayinəsindən keçirilmişdir. Məhsullar arasında kartof, soğan, yerkökü, kələm, ət, süd məhsulları, göyərti, xiyar, badımcan, alma, armud, pomidor, lobya, alça, gilas, ərik, şaftalı, qarağat, gavalı, fındıq, göyəm və digər məhsullar çoxluq təşkil etmişdir.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada alıcılar həvəslə bazarlıq edirdilər. Onlar Ağsu və Qazaxdan gətirilmiş meyvə-tərəvəzləri, bostan məhsullarını burada ucuz qiymətə ala bildiklərini söyləyirdilər. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə bildirdi ki, şənbə və bazar günləri yarmarkada 20 tondan çox meyvə-tərəvəz, süd məhsulları satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Bərdə, Goranboy və Ağstafa fermerləri satışa ucuz qiymətlərə badımcan, kartof, qarpız, lobya, pomidor, kələm və digər kənd təsərrüfatı məhsulları çıxarmışdılar.