BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 15 avqust, (AZƏRTAC). Avqustun 15-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan 16 tondan çox məhsul, o cümlədən 2,2 ton ət, 0,4 ton ağartı, 5 ton tərəvəz, 3 ton kartof, 2,5 ton bostan məhsulları, 3 ton meyvə, 4 min ədəd yumurta gətirilmişdi. Yarmarkada hər həftə iştirak edən gədəbəyli fermer Cəmil İsayev bu dəfə 2 tondan çox kartof, soğan, kələm, yerkökü və çuğundur gətirdiyini bildirdi. Onun sözlərinə görə, məhsulları keyfiyyətlidir, alıcılara isə sərfəli qiymətə təklif edir.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunmuş yarmarkada satışa çıxarılan kənd təsərrüfatı məhsullarının bolluğu ilk baxışdan diqqəti cəlb edirdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyevin verdiyi məlumata görə, yarmarka bu ünvana köçəndən bəri birinci dəfədir ki, buraya bu həcmdə və çeşiddə məhsul daxil olur. Bugünkü yarmarkaya Salyan, Astara, Quba, Qusar, Dəvəçi rayonlarının fermerləri və şəxsi təsərrüfat sahibləri 68,5 ton məhsul gətirmişlər. Məhsulun bolluğu və çeşidlərin müxtəlifliyi, xüsusilə mövsümi meyvə və tərəvəzin çox olması qiymətlərə də təsir göstərir. Təsadüfi deyildir ki, məhsullar bazarlardakından 30-40 faiz, hətta bəziləri yarıbayarı ucuz satılır.
Salyanlı şəxsi təsərrüfat sahibi Qamət Nəbiyev deyir: - Bu gün də paytaxt sakinlərinə keyfiyyətli məhsullar təklif edirəm. Alıcılarımın sayı çoxdur. Çünki pomidor, xiyar, kartof, soğan, bibər, yerkökü və s. məhsulları bazar qiymətlərindən xeyli ucuz satıram.
Badamdar qəsəbəsində 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada satışa Ağdaş, Salyan, Sabirabad, Quba, Şəmkir, Saatlı, Qazax və digər rayonlardan gətirilmiş 22 tondan çox kənd təsərrüfatı məhsulu, Giləzi, Hacıqabul quşçuluq fabriklərindən 7 min 200 ədəd yumurta çıxarılmışdı. Burada pomidorun kiloqramı 40-50, xiyar, badımcan, bibər, 30-40 qəpiyə, qarpız 25-30 qəpiyə, mal əti 4 manat 30 qəpiyə, quş əti 3 manat 40 qəpiyə, yumurtanın biri 10 qəpiyə təklif edilirdi. Ağsaqqal Murad Məmmədov dedi ki, yarmarkalar təşkil olunan gündən bazarlığı buradan edirəm. Məhsullar təzə, qiymət ucuz, çəki düz. Alıcıya bundan başqa nə lazımdır?!
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada paytaxt sakinləri bazardakından xeyli ucuz olan məhsulları həvəslə alırdılar. İşçi qrupun qərargahından verilən məlumata görə, burada satışa Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarından gətirilmiş 233 ton meyvə-tərəvəzt və digər məhsullar çıxarılmışdır. Həvəslə bazarlıq edən alıcılar onlara təklif edilən məhsulların həm də keyfiyyətli olduğunu bildirirdilər.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada məhsulun bolluğu və çeşidinin müxtəlifliyi qiymətlərə də təsir göstərmişdi. Qiymətlər bazarlarla müqayisədə 30-40 faiz, hətta bəzi məhsullar üzrə yarıbayarı ucuz idi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirdi ki, “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki də daxil olmaqla, bu gün hər iki yarmarkada şəhər sakinlərinə Samux, Daşkəsən, Quba, Biləsuvar, Balakən, Lənkəran Cəlilabad rayonlarından gətirilmiş 60 ton 600 kiloqram məhsul təklif olunur. Məhsullar arasında kartof, soğan, yerkökü, kələm, ət, süd məhsulları, göyərti, xiyar, badımcan, alma, armud, pomidor, lobya, alça, gilas, ərik, şaftalı, qarağat, gavalı, fındıq, göyəm və digər məhsullar vardır. Yarmarkalarda məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, xüsusilə ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Nərimanov rayonunun Ə.Əliyev küçəsində təşkil olunmuş yarmarkaya Xaçmaz, Tərtər və İmişli rayonlarından 44,9 ton meyvə-tərəvəz, digər kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminov bildirdi ki, Goradil, Giləzi və Siyəzən broyler fabriklərinin nümayəndələri tərəfindən alıcılara 7 min ədəd yumurta, 300 kiloqram quş əti təklif olunur. Bunlardan başqa, burada satışa 900 litr süd məhsulları, 700 kiloqram təzə mal və qoyun əti, Daşkəsən rayonundan gətirilmiş bal çıxarılmışdır.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları yarmarkada satıcılar tərəfindən alıcılara təklif edilən məhsulların keyfiyyətinə, qiymətinə və göstərilən xidmətin səviyyəsinə nəzarət edirdilər.
######
