Bakıda “MOBILAZE” layihəsi çərçivəsində növbəti təlimə başlanılıb
Bakı, 3 aprel, Nəriman Həsənov, AZƏRTAC
Aprelin 3-də Bakıda Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) icra etdiyi “MOBILAZE” layihəsi çərçivəsində “Geri qayıdan şəxslərin müəyyənləşdirilməsi” mövzusunda növbəti təlimə başlanılıb.
AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək təlimin məqsədi miqrasiya sahəsində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi üçün Azərbaycan hökumətinin potensialının artırılmasına xüsusi diqqət yetirməklə yerdəyişmə üzrə tərəfdaşlığın icrasını dəstəkləməkdir. Layihənin xüsusi məqsədləri Azərbaycan hökumətinin miqrasiya sahəsindəki monitorinq, təhlil və proqnozlaşdırma potensialının artırılması, əmək miqrasiyası, sənədlərin təhlükəsizliyi, milli sığınacaq siyasəti sahəsində və geri qayıdan Azərbaycan vətəndaşlarının davamlı reinteqrasiyasının həyata keçirilməsində idarəçiliyi və potensialı gücləndirmək, o cümlədən Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında yerdəyişməyə dair ictimai məlumatlılığı artırmaqdır.
Tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin məsul əməkdaşı Murad Əkbərov təlimin əhəmiyyətindən danışıb.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin müşavir-elçisi Simona Qatti bildirib ki, layihə Avropa İttifaqı ilə Azərbaycan arasında mobillik naminə tərəfdaşlığın həyata keçirilməsini dəstəkləmək məqsədi daşıyır.
Müvafiq qurumların əməkdaşları mövzu ilə əlaqədar Avropa İttifaqının qabaqcıl təcrübələri və öyrənilmiş dərslər üzrə interaktiv sessiyalarda iştirak ediblər.
Xatırladaq ki, “MOBILAZE” layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir, 2016-cı ilin yanvarında başlayıb və 2019-cu ilin iyulunadək davam edəcək.