BAKIDA RAKET ÜÇÜN DURU YANACAĞIN VƏ OKSİDLƏŞDİRİCİLƏRİN LƏĞVİNƏ DAİR BEYNƏLXALQ SİMPOZİUM İŞƏ BAŞLAMIŞDIR
Azərbaycan Milli Elmlər Akademiyasının və Brandenburq Texniki Universitetinin təşkil etdikləri tədbiri AMEA-nın prezidenti, akademik Mahmud Kərimov açaraq son illər, xüsusilə “Sülh naminə elm” Proqramı çərçivəsində NATO-Azərbaycan əməkdaşlığını xatırlatmış, əlaqələrin inkişafındakı səylərinə görə NATO Elm Komitəsinin rəhbərliyinə minnətdarlığını bildirmişdir. Natiq qeyd etmişdir ki, duru raket yanacağı və oksidləşdiricilərin yerində məhv edilməsinə həsr olunmuş bu simpozium ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir. Akademik xatırlatmışdır ki,
NATO-nun himayəsi altında indiyədək ballistik raketlər üçün duru yanacağın, yanacaq komponentlərinin məhv edilməsinə dair Bakıda və Kiyevdə seminarlar keçirilmişdir. Keçmiş Sovet İttifaqından qalmış belə yanacaq və oksidləşdiricilər Azərbaycanda da saxlanılır və bu, ətraf mühit, yaxınlıqdakı yaşayış məntəqələri üçün təhlükə mənbəyidir. Simpozium bu təhlükəli maddələrdən xilas olmağın yolları, optimal texnologiyası barədə fikir mübadiləsi aparmaqdan ötrü çox əhəmiyyətlidir.
Simpoziumun həmsədrləri- Brandenburq Texniki Universitetinin təmsilçisi Volfhanq Spira və AMEA-nın kimya elmləri bölməsinin akademik-katibi Ayaz Əfəndiyev tədbirin əhəmiyyətini qeyd etmiş, onun işinə uğurlar arzulamışlar.
NATO Elm Komitəsinin təmsilçisi Kris De Vispelare, ATƏT-dən Vilyam Seavord, Volfhanq Spira, Polşa nümayəndəsi S.Neffe, azərbaycanlı ekspert, polkovnik-leytenant Səfər Səfərov və başqaları məruzə etmiş, problemin həlli ilə bağlı təkliflər irəli sürmüşlər.
Xatırladaq ki, Azərbaycanda bu maddələr Bakı yaxınlılğında - Ələtdə və Mingəçevirdə dəmir sisternlərdə saxlanılır. Akademik M.Kərimov jurnalistlərə məlumat vermişdir ki, iyulun 4-dən xüsusi qurğunun köməyi ilə onların məhv edilməsinə başlanılacaqdır. Bu iş təxminən bir il davam edəcəkdir. “Melanjın (qarışığın) kimyəvi strukturunu tam parçalayıb məhv etmək üçün çox yüksək temperaturda istilik lazımdır. Yeri gəlmişkən, bir müddət əvvəl Moldovada bu istiliyi əldə edə bilmədikləri üçün məhvetmə nəticəsiz qalmışdır.
Simpozium işini iyulun 4-də davam etdirəcəkdir.