Bakıda şahmat üzrə “Buta Chess” turniri keçirilib
Bakı, 3 may, AZƏRTAC
“Buta Palace” banket-konsert kompleksi və Vüqar Həşimov Şahmat Akademiyasının təşkilatçılığı ilə “Buta Chess” şirkətlər arası ilk şahmat turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) qaydalarına əsasən keçirilən turnirdə 20 komanda mübarizə aparıb. Yarış İsveçrə sistemi ilə keçirilib. Turnirin baş hakimi Kamran Salehov olub.
Yeddi turun nəticəsinə görə, lider olan “Legno Linea” şirkətinin şahmatçısı “Armagedon” sistemi ilə keçirilən finalda ikinci ən çox xal toplayan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təmsilçisi ilə qarşılaşıb. Nəticədə,Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin komandası qələbə qazanmaqla turnirin qalibi olub.
Komanda üzvləri Anar Rəsulov və Rauf Rzayevə diplom və qiymətli hədiyyələr təqdim olunub.