BAKIDA SƏRHƏD MƏSƏLƏLƏRİ ÜZRƏ BEYNƏLXALQ KONFRANSIN İŞÇİ QRUPUNUN NÖVBƏTİ İCLASI KEÇİRİLİR
Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Fərhad Tağızadə iclası açaraq qurumun yaradılması zəruriyyətindən, indiki dövrdə dünyada, o cümlədən bölgədə baş verən hadisələrdən danışmışdır. O qeyd etmişdir ki, işçi qrupu üzvlərinin sayının ildən-ilə artması qurumun əhəmiyyətindən xəbər verir. Bu da səbəbsiz deyildir. Türkiyədə, İraqda, Avropa ölkələrində, Şimali Qafqazda terror hadisələri törədən qruplar silah, sursat və radioaktiv materiallar əldə etməyə daha çox can atırlar.
F.Tağızadə vurğulamışdır ki, Azərbaycanın Asiya və Avropanın qovuşduğu məkanda yerləşməsi, bölgədə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilməsi, “İpək yolu”nun bərpası və s. nəhəng iqtisadi layihələrin həyata keçirilməsi gündəlikdə duran məsələnin aktuallığını daha da artırır və onun bundan sonra daha dərindən öyrənilməsini, silah, sursat və radioaktiv materialların qanunsuz döriyyəsinin qarşısının alınması üçün birgə tədbirlər planının həyata keçirilməsini qaçılmaz edir.
İşçi qrupunun iclasında silah, sursat və radioaktiv materialların qanunsuz dövriyyəsinin qarşısının alınması sahəsində Dövlət Sərhəd Xidməti tərəfindən görülmüş işlərin nəticələri, bu sahədə digər ölkələrin sərhəd xidmətlərinin təcrübəsi və başqa məsələlər müzakirə olunacaq, silah, sursat və radioaktiv materialların aşkarlanması üsullarının təkmilləşdirilməsinə dair tövsiyələr qəbul ediləcəkdir.