Bakıda “Şərq Tərəfdaşlığı iki ildən sonra: nailiyyətlər və çətinliklər” mövzusunda konfrans keçirilmişdir
Bakı, 18 may (AZƏRTAC). Mayın 18-də Bakıda “Şərq Tərəfdaşlığı iki ildən sonra: nailiyyətlər və çətinliklər” mövzusunda konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” proqramı haqqında məlumat verilmiş, proqram çərçivəsində həyata keçirilmiş tədbirlər, iki il ərzində görülmüş işlər müzakirə edilmişdir.
Bildirilmişdir ki, 2009-cu ildə Praqada qəbul olunmuş “Şərq Tərəfdaşlığı” proqramına Aİ-ə üzv 27 ölkə və altı postsovet dövləti - Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna, Ermənistan daxildirlər. Proqram demokratiya, yaxşı idarəçilik, sabitlik, iqtisadi inteqrasiya, Aİ siyasətlərinə uyğunlaşma, enerji təhlükəsizliyi və insanlar arasında əlaqə məsələlərini əhatə edən dörd platformadan ibarətdir.
Tədbir iştirakçıları proqram çərçivəsində və eyni zamanda müxtəlif sahələrdə Aİ ilə Azərbaycan arasında əlaqələrin hazırkı vəziyyəti, münasibətlərin inkişaf perspektivlərini müzakirə etmişlər.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia konfransda çıxış edərək “Şərq Tərəfdaşlığı” proqramının həyata keçirilməsinin hazırda hansı mərhələdə olması haqqında məlumat vermişdir. Qeyd etmişdir ki, bu təşəbbüsün irəli sürülməsindən keçən iki illik dövr ərzində tərəfdaş ölkələrdə, o cümlədən Azərbaycanda Proqramda əks olunan istiqamətlərlə bağlı mühüm irəliləyişlər əldə olunmuşdur.
Aİ ilə Azərbaycan arasında “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığın tarixinə toxunan səfir diqqətə çatdırmışdır ki, iki il ərzində Assosiasiya Sazişi üzrə danışıqlar başlamış, Azərbaycanda hərtərəfli institusional quruculuq proseslərinə yardımın həyata keçirilməsi ilə bağlı işlər görülmüş, vətəndaş cəmiyyəti, viza, ticarət və digər sahələrdə problemlərin həlli istiqamətində ikitərəfli müəyyən nəticələr əldə olunmuşdur.
Proqramın daha çox siyasi mahiyyət kəsb etdiyini vurğulayan R.Kobia layihə çərçivəsində keçirilən tədbirlərdə regional problemlərin həlli, bütün tərəfdaş ölkələrdə sülh və sabitliyin möhkəmlənməsi, suverenlik və müstəqillik anlayışlarına hörmət və digər məsələlərin hər zaman gündəlikdə olduğunu diqqətə çatdırmışdır.
Konfransda digər çıxış edənlər də proqramda əks olunan müddəaların həyata keçirilməsi istiqamətində əldə olunan nailiyyətləri təqdirəlayiq hal kimi qiymətləndirmiş, bu kimi tədbirlərin Aİ ilə Azərbaycan arasında münasibətlərin daha da genişlənməsinə öz töhfəsini verəcəyini vurğulamışlar.
######
