BAKIDA ŞƏRQ ÜSLUBUNDA RESTORAN AÇILMIŞDIR
Şərq üslublu bu restoran xalçalarla döşənmiş, divarlar ərəb nağılları mövzusunda şəkillərlə bəzədilmişdir. Xəncər və qalxanlar, çıraq və şamdanlar, xurcunlar taxçalardakı kuzələr interyerə xüsusi yaraşıq verir.
Restoranın müdiri Anar Mikayılov bildirmişdir ki, burada müştərilərə əsasən ərəb və Azərbaycan milli xörəkləri, hər cür içki, çay, Şərq şirniyyatı təklif ediləcəkdir. Onlar peyk antenləri vasitəsilə bir çox ərəb ölkələrinin televiziya kanallarını izləyəcək, həzin, ecazkar Şərq musiqisini dinləyəcək, rəqqasələrin oyunundan həzz alacaqlar. Restoranda Şərq üslubunda döşənmiş, yerdə oturmaq üçün uyğunlaşdırılmış xüsusi otaq da vardır.