Bakıda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair xüsusi işçi qrupun iclası keçirilir
Bakı, 4 mart, Ülviyyə Məmmədli, AZƏRTAC
Martın 4-də Bakıda Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinə dair Konvensiyanın hazırlanması üçün Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun 39-cu iclası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanın və İranın xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov və İbrahim Rəhimpur, Rusiya Prezidentinin dövlət sərhədlərinin delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir İqor Bratçikov, Türkmənistan Prezidenti yanında Xəzər məsələləri üzrə dövlət müəssisəsinin rəhbəri Murad Atacanov, Qazaxıstan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyə Amanjolova iştirak edirlər.
Xələf Xələfov iclasın açılışında çıxış edərək deyib ki, 2010- cu ildə Bakıda dövlət başçılarının Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı sammiti əsas məsələlərə, xüsusilә su sәthinin bölünmәsi vә bioloji resursların müdafiәsi ilә bağlı mәsәlәlәrə impuls verib. Həştərxan sammiti isə Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı üzv ölkələrin mövqeyinə yeni təkan verib və bir sıra siyasi sənədlər qəbul edilib.
Nazir müavini prezidentlərin Həştərxan sammitində razılaşdırdıqları bəyanatların prinsiplərinin konvensiyanın razılaşdırılması zamanı nəzərə alınacağına ümid etdiyini bildirib. Tәrәflәr arasında regional sabitlik, tәhlükәsizlik vә Xәzәrdә iqtisadi fәaliyyәtlә əlaqədar qarşılıqlı etimadın vacibliyini qeyd edən X. Xələfov bildirib ki, Xəzər dənizi nəqliyyat dəhlizlərində, bir çox beynəlxalq layihələrdə vacib rol oynayır. Bu baxımdan Xəzər dənizini Qara və Aralıq dənizləri ilə birləşdirən layihələr, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı-Tbilisi-Әrzurum qaz xәttini qeyd etmәk olar. Bu layihələr ölkələrin iqtisadi inkişafına və rifahının artmasına təkan verəcək. X.Xələfov vurğulayıb ki, Azərbaycan Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələnin bütün Xəzəryanı dövlətlərin suverenliyi və qarşılıqlı faydalı əməkdaşlığı çərçivəsində həllinin tərəfdarıdır.