CƏMİYYƏT
Bakıda yol kənarlarının abadlaşdırılması prosesi davam etdirilir
Bakı, 7 avqust, AZƏRTAC
Bakı şəhərinin yaşıllaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində şəhərin park və istirahət bağları, küçə və yol kənarlarında mövcud ağaclara gündəlik qulluq göstərilir, ağacların qurumuş, təhlükə yaradan budaqları mütəmadi olaraq kəsilir, sınmış və qurumuş ağacların yerinə yeniləri əkilir, gündəlik suvarılma işləri həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yaz-yay aylarındakı inkişaf dövründə küçə və yol kənarlarındakı ağacların budaqları yaxınlıqda quraşdırılan bəzi işiqfor və yol nişanlarının qarşısını örtür, bu isə sürücülər və piyadalar üçün müəyyən çətinliklər yaradır.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən şəhərdə bununla bağlı mütəmadi olaraq monitorinqlər keçirilir, problemli ünvanlar müəyyənləşdirilir. Birliyin əməkdaşları tərəfindən həmin ünvanlardakı ağaclar budanaraq işıqfor və yol nişanlarının görünməsinə mane olan hallar aradan qaldırılır.
Onu da nəzərə almaq lazımdır ki, bu, daimi prosesdir və yaşıllıqlar il boyu inkişaf etdiyindən belə hallar qaçılmazdır. Buna görə də Yaşıllaşdırma Təsərrüfat Birliyi aidiyyəti qurum və ictimai nəqliyyatın balans daşıyıcılarına müraciət edərək paytaxtın müxtəlif ərazilərində bu kimi hallarla rastlaşdıqda Birliyə xəbər vermələrini xahiş edir.