“Baku Electronics” və “Hyundai Azərbaycan” Azərbaycan Ordusuna dəstək olub
Bakı, 2 oktyabr, AZƏRTAC
“Baku Electronics” və “Hyundai Azərbaycan” Azərbaycan ordusuna 100 min manat ayırıb.
AZƏRTAC xəbər verir ki, “NAB” Şirkətlər Qrupunu Azərbaycanda təmsil edən “Baku Electronics” və “Hyundai” markasının Azərbaycandakı rəsmi distribüteri olan “Auto Azerbaijan” şirkəti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ümumi olaraq 100 min manat vəsait köçürüb.
Bu haqda məlumat verən şirkət rəhbərliyi bildirib ki, Dövlətimizin ərazi bütövlüyü uğrunda döyüşən ordumuza dəstək olmaq bizim üçün böyük şərəfdir! Ali Baş Komandanımız İlham Əliyevin qismən səfərbərlik çağırışına və hazırda qızğın döyüş əməliyyatları həyata keçirən Silahlı Qüvvələrimizə dəstək olmaq bizim də mənəvi borcumuzdur. Yolumuz haqq yoludur və inanırıq ki, zəfər bizim olacaq!
Məlumat üçün bildirək ki, həm “Baku Electronics”, həm də “Auto Azerbaijan” əməkdaşlarının bir qismi ordu sıralarına artıq qoşulub və bu əməkdaşların iş yerləri qanunvericiliyə uyğun qaydada qorunacaq.
Qeyd edək ki, bu yaxınlarda 25 illiyini qeyd edən “Baku Electronics” şirkəti ölkəmizin ən böyük elektronika mağazaları şəbəkələrindən biridir, 23 mağazası fəaliyyət göstərir. Şirkət dünyanın 60-dək aparıcı elektronika brendlərinin Azərbaycanda rəsmi distribüteridir.
Həmçinin “Auto Azerbaijan” şirkəti “Hyundai” markasının Azərbaycandakı rəsmi distribüteridir. 1996-cı ildən fəaliyyət göstərən şirkət “Hyundai” avtomobillərinin satışını, servis xidmətlərini və orijinal ehtiyat hissələrini təqdim edən yeganə rəsmi şirkətdir. Ölkə ərazisində “Hyundai” markasının 11 satış və servis mərkəzi fəaliyyət göstərir.