BALAKƏNDƏ GƏNCLƏR GÜNÜ GENİŞ QEYD OLUNMUŞDUR
Rayon gənclərinin nümayəndələri əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin mədəniyyət və istirahət parkındakı abidə-kompleksinin önünə tər çiçəklər düzmüşlər.
Gənclər və idman idarəsinin rəisi Rasim Paçalov 2008-ci ilin rayonun gəncləri, eləcə də idmançıları üçün çox əlamətdar və yaddaqalan olduğunu bildirmiş, onların idman, təhsil, incəsənət və digər sahələrdə qazandıqları uğurlar barədə danışmışdır. Qeyd olunmuşdur ki, rayon idmançıları ötən il respublika və beynəlxalq səviyyəli yarışlarda ümumilikdə 80-ə yaxın medal qazanmışlar. Paralimpiyaçı Oluxan Musayevin Pekində keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanması, Rəsul Çunayevin yeniyetmələr arasında yunan-Roma güləşi üzrə Avropa birinciliyində (Latviya) qalib gəlməsi, karateçilərdən Natiq Eminov və Rahib Usubovun Dünya Kuboku yarışlarında və Avropa çempionatında (Ukrayna) müvafiq olaraq gümüş və bürünc medallara layiq görülmələri, habelə idmanın digər növləri üzrə qazanılan uğurlar rayonun idman həyatı üçün çox əlamətdar olmuşdur.
Rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov gəncləri əlamətdar bayram münasibətilə təbrik etmiş, ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı qəbul etdikləri qanun və dövlət proqramlarının uşaq və gənclərin hərtərəfli inkişafının təmin olunmasında, onların problemlərinin həlli və hüquqlarının müdafiəsində müstəsna əhəmiyyət daşıdığını vurğulamışdır.
Sonra 2008-ci ildə müxtəlif sahələr üzrə yüksək uğurlar qazanmış 25 gəncə, 12 idmançıya, habelə yeni ailə qurmuş gənclərə rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin qiymətli hədiyyələri təqdim edilmişdir. Gənclər Günü münasibətilə keçirilmiş şahmat turnirinin qalibləri də mükafatlandırılmışlar.
Bayram tədbiri bədii özfəaliyyət kollektivlərinın maraqlı konsert proqramı ilə davam etmişdir.