Balakəndə narkotiklərin qanunsuz kultivasiyası və satışı ilə məşğul olan şəxs saxlanılıb
Bakı, 2 iyun, AZƏRTAC
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Balakən rayon sakini Cinayət Məcəlləsinin müvafiq maddələri ilə əvvəllər dəfələrlə məhkum edilən Qəhrəman Qəhrəmanov daxil olmuş məlumat əsasında saxlanılıb. Onun Hənifə kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman torpağa və dibçəklərə əkilmiş 103 çətənə kolu, eyni zamanda, həmin narkotik vasitələrin əkildiyi sahəyə qurudulması üçün sərilmiş, ümumi çəkisi 1 kiloqram 325 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış, qurudulmamış marixuana aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədilə əkdiyini bildirib.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.