Balakəndə sərtləşdirilmiş karantin rejimi ilə bağlı reydlər keçirilir
Balakən, 15 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, dekabrın 14-dən ölkə ərazisində sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar Balakən rayonunda karantin rejimi qaydalarının yerinə yetirilməsinə nəzarət daha da gücləndirilib.
Rayon icra hakimiyyəti yanında yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, icra hakimiyyəti aparatının məsul nümayəndələrindən və polis əməkdaşlarından ibarət mobil qruplar sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar müəyyənləşdirilmiş qaydalara əməl olunmasını təmin etmək üçün ticarət, ictimai iaşə və digər obyektlərdə reydlər keçirir, əhalinin sıx toplaşdığı ərazilərdə maarifləndirici təbliğat işləri aparırlar.
Dekabrın 14-15-də keçirilən növbəti reydlər zamanı vətəndaşlara pandemiyaya qarşı mübarizədə qoruyucu vasitələrdən, xüsusilə tibbi maskalardan istifadə edilməsinin, gigiyena qaydalarına riayət olunmasının, sosial məsafənin saxlanılmasının vacibliyi bir daha ətraflı izah olunub. Sakinlərin diqqətinə çatdırılıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə düzgün riayət etmək hər kəsin vətəndaşlıq borcudur və bu qaydalara əməl etməyən şəxslər, qurumlar barəsində ciddi intizam tədbirləri həyata keçiriləcək.