Balakəndə Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Balakən, 25 fevral, AZƏRTAC
Xalqımızın tarixinə qanla yazılmış Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar fevralın 24-də Balakən rayon Mədəniyyət Mərkəzində faciə qurbanlarının xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə foyedə məktəblilərin çəkdikləri rəsm əsərlərindən ibarət “Xocalı fəryadı” adlı sərgiyə baxıblar.
Sonra Xocalı faciəsinin dəhşətlərini əks etdirən sənədli film nümayiş olunub.
Tədbirdə çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənləri insanlığa qarşı yönəlmiş ən amansız terror hadisəsi kimi qiymətləndiriblər. Bu qətliamın erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu vurğulanıb. Qeyd edilib ki, hazırda Xocalı qətliamı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə rəhbərliyi, eləcə də Heydər Əliyev Fondu tərəfindən məqsədyönlü iş aparılır.
Sonda mədəniyyət işçilərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.