BALKAN ÖLKƏLƏRİNDƏ GENİŞ NÜFUZ QAZANMIŞ “BAY” JURNALININ NÖVBƏTİ NÖMRƏSİ AZƏRBAYCANA HƏSR EDİLMİŞDİR
Jurnalın bu nömrəsi ümummilli liderimiz Heydər Əliyev haqqında redaksiya məqaləsi ilə açılır. Məqalədə deyilir: “Heydər Əliyevin türkçülük və türk dünyası qarşısında əvəzsiz xidmətləri olmuşdur. Türk dünyası onunla daima öyünmüşdür. Onun, təkcə türk xalqlarının deyil, bütün dünya xalqlarının düşüncəsində mükəmməl bir yeri vardır”.
Jurnalda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin həyatının bütün sahələrində aparılan islahatlar, əldə edilən nailiyyətlər, respublikamızın bölgədə lider dövlətə çevrilməsi, xalqımızın adət və ənənələri barədə ətraflı məlumatlar verilmişdir.
Milli Məclisin deputatı Fəttah Heydərovun Azərbaycan-Türkiyə əlaqələrinə həsr edilmiş məqaləsində dost və qardaş ölkələrimizin son illərdə qazandığı uğurlardan söhbət açılır.
Nəşrin bu nömrəsində Azərbaycan ədəbiyyatına və dilinə dair materiallara geniş yer verilmişdir. Xalq yazıçısı Elçinin tərcümeyi-halı və “Aydınlıq gecələr” hekayəsi, E.Amanoğlunun Azərbaycan aşıq ədəbiyyatı, A.Gökdağın Azərbaycan dili haqqında, M.Musaoğlunun xalq yazıçısı Anarın yaradıcılığından bəhs edən məqalələri, akademik Bəkir Nəbiyevin İlyas Əfəndiyevin yaradıcılığına həsr olunmuş “O həmişə çağdaşdır” adlı essesi və bir sıra digər yazılar jurnalın səhifələrində öz əksini tapmışdır.
Xatırladaq ki, 12 ildir nəşr olunan və Balkan ölkələrində geniş nüfuz qazanmış “Bay” jurnalının sahibi və baş redaktoru tanınmış şair və ictimai xadim Osman Baymakdır.