İQTİSADİYYAT
Banklar Assosiasiyası: Bank sisteminin çökməsi ilə bağlı məlumatlar təxribat xarakteri daşıyır
![Banklar Assosiasiyası: Bank sisteminin çökməsi ilə bağlı məlumatlar təxribat xarakteri daşıyır](/files/2023/1/1200x630/168052429277939980_1200x630.jpg)
Bakı, 3 aprel, AZƏRTAC
Son günlərdə sosial şəbəkələrdə müxtəlif istifadəçilər tərəfindən “bank sisteminin çökməsi”, “əmanətlərin dondurulması”, “kart və hesablarda olan pulları nağd etmək tövsiyə edilir” başlıqları altında həqiqəti əks etdirməyən və əsası olmayan paylaşımlar yer almaqdadır.
Azərbaycan Banklar Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, bu məlumatlar tamamilə yanlışdır və təxribat xarakteri daşıyır.
2022-ci ilin nəticələri bank sistemi, o cümlədən rəqəmsal ödənişlər üzrə uğurlu olmuşdur. Bank sektorunda müşahidə olunan inkişaf tendensiyası hazırkı dövrdə də yüksələn trayektoriya ilə davam edir və bank sistemi bu inkişaf fonunda öz dayanıqlılığını qorumaqdadır. Cari ilin fevral ayının sonuna Azərbaycan bank sektorunun aktivlərinin həcmi 45,7 milyard manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,8 faiz çoxdur. Hesabat dövründə bankların kredit portfelinin həcmi isə ötən ilin fevralına nəzərən 15,4 faiz, ilin əvvəlinə nəzərən isə 163 milyon manat artaraq 19,8 milyard manata yüksəlib. Banklara inam göstəricisi kimi göstərilən əhalinin banklardakı əmanətlərinin həcmi isə 11,7 milyard manata yüksəlib ki, bu da illik 18,1 faiz, ilin əvvəlinə nəzərən isə 1,5 faizlik artımın olduğunu göstərir. Bank sektorunun kapitalının həcmi də artaraq 5,7 milyard manat təşkil edib.
Qeyd olunan göstərici əvvəlki ilin müvafiq dövrünə nəzərən 13,3 faiz, ilin əvvəlinə nəzərən isə 2 faiz yüksəlib. Sektorun mənfəətliliyi də yüksək səviyyədə qalmaqda, ötən ilki göstəriciləri daha da üstələməkdədir. Belə ki, bu ilin yanvar-fevral aylarında sektorun faiz gəlirləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 39,2 faiz, qeyri-faiz gəlirləri 23,6 faiz, xalis mənfəəti isə 44,6 faiz artıb, xalis mənfəəti 155,7 milyon manat təşkil edib. Cari ilin fevral ayında dövriyyədə olan ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 18,4 faiz artaraq 13 milyon 654 min ədəd təşkil edib. Ödəniş kartları ilə ölkə daxilində aparılan nağdsız əməliyyatların həcmi isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə artıb və 2877 milyon manat olub.
Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Banklar Assosiasiyası ictimaiyyəti sosial şəbəkələrdə əsası olmayan məlumatlara inanmamağa, həmçinin bu kimi təxribat xarakterli hallara qarşı ehtiyatlı olmağa çağırır.