Banklararası Şahmat çempionatının qalibləri bəlli olub
Bakı, 26 may, AZƏRTAC
Mayın 23-25-də Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar keçirilmiş banklararası şahmat çempionatı başa çatıb.
AZƏRTAC xəbər verir ki, nəticələrə əsasən şəxsi-komanda çempionatında “ABB” ASC qalib gəlib. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq “Kapital Bank” ASC və “Bank Respublika” ASC qərarlaşıb.
Banklararası şahmat çempionatında şəxsi hesabda isə “Kapital Bank” ASC-nin nümayəndəsi Beyrək Rəhimov qalib gəlib. İkinci yeri “ABB” ASC-nin nümayəndəsi Rəsul Mənsimli qazanıb. Üçüncü yerdə isə “ABB” ASC-nin nümayəndəsi Zöhr Babazadə qərarlaşıb.
Bununla yanaşı, şəxsi-komanda çempionatında qadınlar arasında “Ən yaxşı qadın iştirakçı” adına “Bank of Baku” ASC-ni təmsil edən Çiçək Hacızadə layiq görülüb.
Artıq 6-cı dəfə keçirilən və hər il böyük marağa səbəb olan çempionatda 15 kredit təşkilatından 60-a yaxın nümayəndə iştirak edib.
Qeyd edək ki, çempionat Azərbaycanda şahmatın kütləviliyini artırmaq və bank sektorunda çalışanların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə keçirilir. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunan banklararası şahmat çempionatı ABA tərəfindən 2016-cı ildən illik əsasda keçirilməkdədir.