BANM-də alman mühəndisləri üçün yay məktəbi başlandı
Bakı, 30 avqust, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Alman Akademik Mübadilə Xidmətinin (DAAD) maliyyəsi ilə həyata keçirilən “Neft hasil edən ölkələrdə enerji keçidi” mövzusunda beynəlxalq yay məktəbi başlayıb.
Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib.
Yay məktəbində Almaniyanın müxtəlif nüfuzlu universitetlərində təhsil alan 16 tələbə iştirak edir.
İki həftə davam edəcək yay məktəbinin açılış mərasimində BANM-in Erasmus+ Beynəlxalq Proqramlar Ofisinin rəhbəri Humay Azayeva bu layihənin əhəmiyyətindən danışaraq, iştirakçıları nəzərdə tutulan proqramla tanış edib. O bildirib ki, iştirakçılara Azərbaycanın enerji keçidi mövzusunda seminarlar keçiriləcək, bu sahədə görülən işlər barədə məlumat veriləcək, həmçinin onlar ölkəmizin tarixi və milli dəyərləri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Bakı Ali Neft Məktəbinin professorları Siyavuş Azakov, Fuad Vəliyev, dosenti Rauf Nadirov alman tələbələri salamlayaraq, bu yay məktəbinin onlar üçün faydalı olacağına, zəruri məlumatlar əldə edəcəklərinə əminliklərini bildiriblər.
Sonra tələbələr Bakı Ali Neft Məktəbinin kampusu, buradakı laboratoriyalar ilə tanış olublar.
SOCAR-ın Strateji idarəetmə və innovasiyalar departamentinin rəis müavini Təbriz Əmmayev “Azərbaycanın yaşıl enerji potensialı”, “SOCAR-ın enerji strategiyası”, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda Xarici əlaqələr üzrə meneceri Günəş Əliyeva “Azərbaycanın enerji siyasəti” mövzusunda seminar keçiblər.
Bu yay məktəbi layihəsi artıq üçüncü dəfədir ki, məhz BANM-də həyata keçirilir. Layihə çərçivəsində tələbələrə BANM-in professor-müəllim heyəti tərəfindən Azərbaycanın enerji siyasəti, Bərpa olunan enerji mənbələri, Entropiya qanunu və qlobal enerji problemləri, Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə, Enerji keçidi-rəqəmsallaşma və kibertəhlükəsizlik və geotermal enerji mövzularında dərslər keçiriləcək. SOCAR-ın Baş ofisi və BP-də yay məktəbinin iştirakçıları ilə görüşlərin təşkil olunması da nəzərdə tutulub.
Proqram çərçivəsində iştirakçıların Şəki, Quba, Xızı şəkər əsası dağlarına səfəri, Qobustan Milli Tarix-Bədii Qoruğu, Azərbaycan Xalça Muzeyi, Şirvanşahlar Sarayı, “Atəşgah məbədi”, palçıq vulkanlarına ekskursiyası təşkil olunacaq.
Proqramı uğurla tamamlayan iştirakçılara sertifikatlar təqdim olunacaq.