“Barselona” növbəti dəfə İspaniya çempionu olub VİDEO
İspaniya La Liqasında 2015-2016-cı il mövsümünün qalibi son turda müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, “Barselona” klubu səfər oyununda “Qranada”ya 3:0 hesabı ilə qalib gələrək İspaniya çempionu olub. Bu, kataloniyalıların La Liqada ardıcıl olaraq ikinci, ümumilikdə isə 24-cü qələbəsidir. Rəqib qapısından hər üç qolu Luis Suares keçirib (22, 38 və 86-cı dəqiqə).
“Deportivo”nu 2:0 hesabı ilə məğlub edən “Real” isə çempionatı ikinci pillədə başa vurub. Hesabında 90 xal olan Madrid klubu əzəli rəqibindən cəmi bir xal geri qalıb. Bu oyundakı hər iki qol Kriştiano Ronaldonun hesabına yazılıb (7 və 25-ci dəqiqə).
Son turda “Selta”nı qəbul edəcək Madridin “Atletiko” klubu matçın nəticəsindən asılı olmayaraq, üçüncü pilləni təmin edib.