Baş həkim: Regionlardan ən çox uşaq Sumqayıt Perinatal Mərkəzinə köçürülür
Sumqayıt, 7 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Regionlardan ən çox uşaq bizim mərkəzə köçürülür. Ötən il perinatal xidmət almış körpələrdən 501-i özəl və ya digər regionlarda fəaliyyət göstərən TƏBİB-in tabeliyindəki tibb müəssisələrindən qəbul edilib. Onlardan 339-u ətraf regionlardan birbaşa neonatal reanimasiya və intensiv terapiya bölməsinə yerləşdirilib. Hamiləliyin patologiyası şöbəsinə isə 248 xəstə köçürülüb.
Bunu AZƏRTAC-a açıqlamasında Sumqayıt Perinatal Mərkəzin baş həkimi, Əməkdar həkim Təranə Rəcəbli deyib.
Onun sözlərinə görə, Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən Perinatal Mərkəzdə ötən il 2807 xəstə və yarımçıq yenidoğulmuşların sağlamlığı izlənilib, 165 ROP müayinə olunub, 1766 topuq testi götürülüb. Əlilliyin qarşısının alınmasında vacib rol oynayan 4 VEQF inyeksiyası həyata keçirilib.
“Mərkəzimizdə təbii və cərrahi doğuşlarla yanaşı, açıq və laporoskopik, ginekoloji əməliyyatlar da aparılır. Perinatal Mərkəzin nəzdində təşkil olunmuş neonatal cərrahi xidmət vasitəsilə bir neçə yenidoğulmuşa neyrocərrahi və Ventrikuloperitoneal şuntlama əməliyyatı icra olunub”, - deyən Təranə Rəcəbli bildirib ki, yaxın gələcəkdə Perinatal Mərkəzin nəzdində Ekstrakorporal (süni) mayalama əməliyyatlarının aparılmasının həyata keçirilməsi də planlaşdırılır.
Qeyd edək ki, Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən əksər tibb müəssisələri əsaslı, yada cari təmir edilib, müasir texnika və avadanlıqla təmin olunub. O cümlədən 140 çarpayılıq 1 saylı Doğum evi - Perinatal Mərkəzdə də yüksək səviyyədə təmir işləri aparılaraq, ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlar quraşdırılıb.