Baş icraçı direktor: Şirkətlər yenilik etməməyin ən böyük risk olduğunu anlamalıdırlar
Bakı, 11 oktyabr, AZƏRTAC
Süni intellekt səmərəliliyi artırır, amma liderlərin də rolu böyükdür. Süni intellektdən yaxşı və pis məqsədlər üçün istifadə etmək olar. Liderlik, eyni zamanda, məsuliyyətdir. Hər bir lider başa düşməlidir ki, insanlar üçün onun böyük məsuliyyəti var. Belə liderlər yetişdirilərsə, dünya daha yaxşı inkişaf edər.
AZƏRTAC xəbər verir ki, bunu “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov Bakıda keçirilən “INMerge İnnovasiya Sammiti”in ikinci günündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sürətlə dəyişən zamanda innovasiyalar, texnologiyalar, müştəri ehtiyacları hər gün yenilənir.
“Biz innovasiyaları, dəyişiklikləri qəbul edib təkliflər irəli sürməliyik. Maliyyə intizamı olmalıdır. Dəyişiklik baş verirsə, bu da müəyyən xaos yaradır. “INMerge İnnovasiya Sammiti” yeni təşəbbüslər, innovasiyalar ilə bağlı mühüm əhəmiyyət kəsb edən platformadır. Biz ildə iki dəfə strateji baxış toplantısı keçiririk, tanınmış ekspertlər dəvət edirik. Bugünkü sammitdə də öyrənə biləcəyimiz şəxslər iştirak edir. Hazırda şirkətlər üçün ən böyük risk yenilik etməməkdir. 5-10 il əvvəl rəqəmsal marketinqin ümumi marketinq büdcəsindəki payı xeyli aşağı idi. Amma hazırda bu göstərici xeyli artır. İlk növbədə, şirkətlər yenilik etməməyin ən böyük risk olduğunu anlamalıdırlar”, - deyə o diqqətə çatdırıb.