Basketbol Liqası: “AAAF Xırdalan” turnir cədvəlinin ilk pilləsinə şərik olub
Bakı, 18 dekabr, AZƏRTAC
“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 10-cu turu çərçivəsində daha iki oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ilk görüşü “Neftçi İK” və “Sabah BK” komandaları arasında baş tutub. Fəallıqları ilə fərqlənən “Sabah BK” basketbolçuları rəqib komanda üzərində 99-81 hesablı qələbəyə seviniblər. Oyunun ən məhsuldar basketbolçuları Dennis Cons (“Neftçi İK”, 17 xal, 8 ribaund) və Fuad Niftəliyev (“Sabah BK”, 18 xal, 3 asist) seçiliblər.
Günün son oyununda “AAAF Xırdalan BK” və “Gəncə BK” basketbolçuları üz-üzə gəldilər. “AAAF Xırdalan BK” komandası üstünlük nümayiş etdirərək 85-71 hesablı qələbə qazanıb və turnir cədvəlinin ilk pilləsinə şərik olub. Bu oyunda isə Devin Pullun (“AAAF Xırdalan BK”, 33 xal, 5 ribaund) və Celon Perri (“Gəncə BK”, 20 xal, 4 ribaund) ən məhsuldar basketbolçular olublar.
Qeyd edək ki, turun bağlanış oyunu dekabrın 18-də saat 15:00-da Astara Olimpiya İdman Kompleksində “Zirvə Astara BK” və “NTD BK” komandaları arasında keçiriləcək.