REGİONLAR
Basqal-Sulut avtomobil yolunun inşası rahat gediş-gəlişi təmin edib VİDEO
Bakı, 16 noyabr, AZƏRTAC
İsmayıllı rayonunda yenicə istifadəyə verilmiş Basqal-Sulut avtomobil yolu rahat gediş-gəlişi təmin etməklə yanaşı, əhatə etdiyi 11 yaşayış məntəqəsində kənd təsərrüfatı və turizmin inkişafına, yolboyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, başlanğıcını respublika əhəmiyyətli Muğanlı–İsmayıllı yolunun 17-ci kilometrindən götürən Basqal-Sulut avtomobil yolunun inşası Prezident İlham Əliyevin 2020-ci ilin iyul ayında imzaladığı Sərəncama uyğun olaraq AAYDA tərəfindən aparılıb.
Avtomobil yolunun uzunluğu 30,1 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. Yol üzərində 4 yeni avtomobil körpüsü də inşa edilib. 2 hərəkət zolaqlı yol 4 min əhalinin yaşadığı Basqal, Qıçatan, Tağlabiyan, Kəlfərəc, Zeyvə, Kürdüvan, Xankəndi, Mücü, Sərsurə, Kələzeyvə və Sulut kəndlərini birləşdirir.
Layihəyə uyğun olaraq, yol 5-ci dərəcədən 4-cü texniki dərəcəyə təkmilləşdirilib. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolboyu yeni yol yatağı və yol əsası, zəruri yerlərdə müxtəlif diametrli yeni suötürücü dairəvi borular inşa edilib, yolun asfaltlanması işləri icra olunub.
Layihənin sonuncu mərhələsində isə avtobus dayanacaqları inşa edilib, yol nişanları, məlumatverici lövhələr quraşdırılıb, üfüqi nişanlanma xətləri çəkilib. Bununla da yeni yol müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.