Batut gimnastikası üzrə dünya kubokunda iştirak edən komandaların rəsmiləri ilə iclas keçirilib
Bakı, 5 mart, S.Allahverdiyeva, H.Mahmudova, AZƏRTAC
Bakıda təşkil olunan batut gimnastikası üzrə dünya kubokunda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri və üzvləri üçün istiqamətləndirici iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov nümayəndə heyətlərinin üzvlərini salamlayaraq, gimnastlara uğurlar arzulayıb. A.Həsənov qeyd edib ki, bu turnir Bakıda batut gimnastikası üzrə ilk böyük yarış olmasına baxmayaraq, komandaların bəzi üzvləri Milli Gimnastika Arenası ilə yaxşı tanışdırlar. Belə ki, onlar ilk Avropa Oyunları çərçivəsində batut gimnastikası üzrə yarışlarda iştirak ediblər.
İclasda, həmçinin Beynəlxalq Gimnastika Federasiyasının (FIG) batut gimnastikası üzrə Texniki Komitəsinin nümayəndəsi Dmitri Polyaruş çıxış edərək yarışlara hazırlığın yüksək səviyyədə olduğunu vurğulayıb.