Baurjan Utev: Azərbaycanda işləyən podratçılarla bir sıra maraqlı görüşlərimiz olub
Bakı, 2 iyun, AZƏRTAC
Mən kabel məmulatlarının istehsalı üzrə ixtisaslaşmış ingilis şirkətinin Qazaxıstan filialını təmsil edirəm. Neft-qaz sənayesinin yerli bazarını öyrənmək, bu sahədə fəaliyyət göstərən şirkətlərlə əlaqə yaratmaq istəyi məni Beynəlxalq Xəzər Neft və Qaz sərgisinə gətirdi.
Bunu AZƏRTAC-a sərgi iştirakçısı — Qazaxıstanın “CMP Products” şirkətinin biznesin inkişafı üzrə meneceri Baurjan Utev söyləyib.
Menecer bildirib ki, sərgidə cari layihələrlə bağlı həm müştərilərlə (SOCAR, BP, BOS Shelf), həm də Azərbaycanda işləyən podratçılarla bir sıra maraqlı görüşləri olub. O həmçinin gələcəkdə bu görüşlərin əməkdaşlığa çevriləcəyinə əminliyini ifadə edib.
“Bakıdakı sərginin yüksək səviyyədə keçirildiyini qeyd etmək istərdim. İnanıram ki, bu kimi sərgilər sənaye mütəxəssisləri arasında əlaqələrin qurulmasında, təcrübə və fikir mübadiləsində mühüm rol oynayır. İki il davam edən pandemiya və canlı ünsiyyətin olmaması sərgilərin ünsiyyət və biznes məsələlərində nə qədər vacib olduğunu açıq şəkildə göstərdi”, — deyə B.Utev vurğulayıb.
Qeyd edək ki, artıq 27-ci dəfə təşkil edilən Beynəlxalq Xəzər Neft və Qaz sərgisində 31 ölkədən 250 şirkət iştirak edir. Regionda neft-qaz sənayesinin əsas tədbiri və tanınmış beynəlxalq platforması olan sərgi hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçilərini öz meydançasında bir araya gətirir. Şirkətlər neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini, bir sıra digər nailiyyətləri nümayiş etdirilər.
Tədbirə ənənəvi olaraq Azərbaycanın Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dəstək göstərirlər. Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC 27-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin media tərəfdaşıdır.