BDU-da 2024/2025-cü tədris ili üçün əcnəbi tələbələrin qəbulu davam edir
Bakı, 11 iyul, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) 2024/2025-ci tədris ili üçün müvafiq ixtisaslar üzrə əcnəbi tələbələrin qəbulu davam edir. Müraciətlər avqustun 31-dək qəbul edilir.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Əcnəbi tələbələr tərəfindən təqdim ediləcək sənədlərin siyahısı:
1. Əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri);
2. Sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış;
3. 6 ədəd fotoşəkil (son 6 ayda çəkilmiş fotoşəkil);
4. Beynəlxalq pasport (fotoşəkil olan səhifə), pasportun etibarlılıq müddəti universitetə müraciət olunan tarixdən sonra azı 1 il 6 ay olmalıdır.
5. Tədris dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda);
6. Fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda);
Qeyd:
1. Azərbaycan Respublikası Miqrasiya Xidməti tərəfindən verilmiş daimi yaşayış icazəsi (DYİ seriyası) olan xarici vətəndaşlar BDU-ya yalnız Azərbaycan Respublikasının Dövlət İmtahan Komissiyasının keçirdiyi test imtahanları əsasında qəbul ola bilərlər.
2. Xarici ölkə vətəndaşlığı ilə yanaşı, Azərbaycan Respublikasının vətəndaşlığı olan şəxslərin əcnəbi vətəndaş qismində BDU-ya sənəd təqdim etmələri qadağandır. Onlar universitetə Azərbaycan Respublikasının Dövlət İmtahan Komissiyasının keçirdiyi test imtahanları əsasında qəbul ola bilərlər.
3. Xarici ölkə vətəndaşı Azərbaycan Respublikasının təhsil müəssisələrinə əyani təhsilalma formasında qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində Azərbaycan Respublikasının ərazisində yaşamasını təsdiq edən sənədin surətini təhsil müəssisəsinə təqdim etməlidir.