BDU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Bakı, 19 yanvar, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbir İştirakçıları universitetin həyətindəki Şəhidlər abidəsinin qarşısına gül dəstələri düzüb, şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında törətdiyi qanlı qırğınlardan danışıb.
Rektor ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu faciəyə hüquqi-siyasi qiymət verildiyini vurğulayıb.
20 Yanvarın tariximizin həm qanlı, həm də şanlı səhifəsi olduğunu qeyd edən akademik A.Məhərrəmov şəhidlərin müqəddəs xatirəsinin daim uca tutulacağını diqqətə çatdırıb.
Professor İzzət Rüstəmov 20 Yanvar hadisələrinin dəhşətlərindən danışıb, bu faciənin yaddan çıxmayacağını bildirib.