BDU-da sink oksid nanokompozitlərin sintezi tədqiq olunub
Bakı, 4 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar laboratoriyasında növbəti elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Seminarda laboratoriyanın böyük elmi işçisi Sevinc Nuriyeva “PP/ZnO nanokompozitləri: sintezi, quruluşu və xassələri” mövzusunda məruzə edib. O, ZnO (sink oksid) nanohissəcikləri əsasında polimer kompozitlərin sintezi, alınmış materialların quruluş və xassələrinə nanohissəciklərin təsiri barədə məlumat verib.
S.Nuriyeva qeyd edib ki, tədqiqatlar nəticəsində nanodoldurucunun miqdarından asılı olaraq kompozit materialların kristallik quruluşu, lüminessent və dielektrik xassələrinin yaxşılaşması müəyyən edilib. Bu tip materiallar alternativ günəş mənbələri, elektrokimyəvi sensorlar, eləcə də superkondensatorlarda geniş tətbiq imkanlarına malikdir.