BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün növbəti seminar
Bakı, 19 dekabr, AZƏRTAC
Audiovizual Şura, Medianın İnkişafı Agentliyi və Bakı Dövlət Universiteti (BDU) arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq Audiovizual Şura əməkdaşlarının dekabrın 19-da BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə növbəti görüşü olub.
Audiovizual Şuradan AZƏRTAC-a bildirilib ki, görüşdə fakültənin dekanı Vüqar Zifəroğlu əvvəl keçirilən iki görüşün 3-cü kurs tələbələri tərəfindən maraqla qarşılandığını, bu dəfə 2-ci kurs tələbələrinin iştirak etdiyini diqqətə çatdırıb.
Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov jurnalistika fakültəsinin tələbələri ilə keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb, gələcək media nümayəndələri arasında audiovizual medianın tənzimlənməsi haqqında məlumatlılığının artırılmasında belə görüşlərin vacibliyini qeyd edib. O bildirib ki, bu auditoriya gələcəkdə mediada çalışan gənclərdən ibarətdir və buna görə də hər görüşdə əməkdaşlarımız onları maraqlandıran əhəmiyyətli mövzular haqqında geniş təqdimatla çıxış edir.
Daha sonra Audiovizual Şuranın hüquq xidmətinin əməkdaşları Ayxan Sadıqlı və Kamran Əliyev "Azərbaycanda audiovizual media tənzimlənməsi" mövzusunda geniş təqdimatla çıxış ediblər.
Təqdimatdan sonra mövzu və audiovizual medianın tənzimlənməsi ilə bağlı müzakirə aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.