ELM VƏ TƏHSİL
BDU tələbələri Suraxanı Gənclər Evində səhnə əsəri ilə çıxış ediblər
Bakı, 26 sentyabr, AZƏRTAC
27 Sentyabr - Anım Günü münasibətilə Suraxanı Gənclər Evinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq mərkəzi tələbələrinin ifasında “Yarımçıq qalmış...” tamaşası nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tamaşanın nümayişindən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə iş şöbəsinin əməkdaşı Azad Əzizov, Əmircan və Bülbülə qəsəbə nümayəndələri, Müdafiə Cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri Nəsibə Əliyeva, həmçinin şəhid ailələri iştirak ediblər.
Vahid Orucoğlunun quruluşçu rejissorluğu ilə hazırlanmış səhnə əsərində universitetin müxtəlif fakültələrinin istedadlı tələbələri şəhid olmuş qəhrəman oğullarımızın, onların ailə üzvlərinin obrazlarını məharətlə yaradıblar.
Əsərin müəllifi Yefim Abramov, şeirlərin müəllifi Leyla Bəyimdir.
Səhnə əsərində rolları Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Vahid Orucoğlu, tələbələr Eltac Abbasov, Hüseyn Cabbarlı, Nərmin Zeynalova, Ramazan Ramazanlı, Tural Behbudov, Fidan Sultan, Mədinə Hüseynzadə, Nuran Atakişiyev ifa edib.