BDU VƏ ÇELYABİNSK UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA MÜQAVİLƏ İMZALANMIŞDIR
BDU-nun rektoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Abel Məhərrəmov görüşü açaraq, Azərbaycan ilə Rusiya Federasiyası arasında əlaqələrin inkişafında xalqımızın ümummilli lideri Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin əvəzsiz xidmətlərini vurğulamışdır. O, ulu öndərimizin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Rektor rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat verərək demişdir ki, 1919-cu ildə yaradılmış, hazırda 16 fakültənin fəaliyyət göstərdiyi bu ali təhsil müəssisəsində 17 min tələbə təhsil alır. Beynəlxalq əlaqələri getdikcə genişləndirən universitetdə 15 ölkədən 700-dən çox əcnəbi tələbə təhsil alır. BDU-nun Rusiya universitetləri ilə əməkdaşlığı da genişlənir.
Ölkəmizdəki görüşlərindən məmnun qaldığını söyləyən Valentin Buravlyov xalqlarımızın dostluq münasibətlərindən söhbət açmışdır.
Çelyabinsk Dövlət Universitetinin (ÇDU) prorektoru, professor Aleksey Şumakov bu ali təhsil ocağının fəaliyyətindən, beynəlxalq əlaqələrindən danışmış, hər iki universitet arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.
Sonra ÇDU-nun fəaliyyətindən və burada istifadə olunan elm və təhsil texnologiyalarından bəhs edən videokadrlar nümayiş etdirilmişdir.
A.Məhərrəmov və A.Şumakov Bakı Dövlət Universiteti ilə Çelyabinsk Dövlət Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalamışlar.