BDU və İsrailin Yerusəlim İbrani Universitetinin ikili diplom proqramına qəbul olmaq istəyənlərin nəzərinə
Bakı, 24 iyun, AZƏRTAC
Bu il mayın 24-də Bakı Dövlət Universiteti (BDU) və İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) arasında ikili diplom proqramı üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, sözügedən layihə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilir. BDU və HUJI arasında imzalanmış magistratura səviyyəsində “Biotexnologiya” ixtisaslaşması üzrə ikili diplom proqramına qəbul müvafiq tədris ilində mərkəzləşdirilmiş qəbul imtahanında əldə olunmuş nəticələr əsasında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır.
İkili diplom proqramına müraciət etmək istəyənlərdən aşağıdakılar tələb olunur:
∙ “Biologiya”, “Kimya”, “Kimya mühəndisliyi”, “Fizika” və ya “Ekologiya” ixtisaslarından biri üzrə bakalavr dərəcəsinə malik olmaq;
∙ yüksək akademik göstəriciyə malik olmaq (Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) - 80+);
∙ IELTS balı minimum 6 və ya internet əsaslı TOEFL testində minimum 89 bal;
∙ bakalavr dərəcəsinin alındığı ali məktəbin professor-müəllim heyətindən tövsiyə məktubu;
∙ tibbi arayış.
Tədris ilinin I semestrində təhsil BDU-da, II semestrində isə İsraildə HUJI-də həyata keçiriləcək. Tələbələr HUJI-nin “non-thesis” (dissertasiya müdafiəsi olmadan) diplomunu və təhsilinin ikinci ilini BDU-da davam etdirməklə BDU-nun və HUJI-nin (İsrail) “non-thesis” magistr diplomunu alacaqlar.
Proqramın birinci ilini fərqlənmə ilə bitirən tələbələr tədrisin ikinci ilində HUJI-nin “thesis” proqramına qatılma imkanı qazanacaq və BDU-nun və HUJI-nin “thesis” magistr diplomunu alacaqlar.
Proqrama müraciət və əlavə suallar üçün [email protected] e-mail ilə əlaqə saxlamaq mümkündür.