Bədən Tərbiyəsi və İdman Günü münasibətilə İsmayıllıda velosiped yarışı keçirilib
Bakı, 3 mart, AZƏRTAC
5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə İsmayıllı Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər arasında velosiped idmanı üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC Azərbaycan Velosiped İdmanı Federasıyasına (AzVİF) istinadla xəbər verir ki, İsmayıllı rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil edilən yarışdan əvvəl idarənin rəisi Taleh Salehov ölkə başçısı İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğıdan danışaraq yarış iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib.
Komanda şəklində keçirilən yarışda birinci və üçüncü yerləri Olimpiya İdman Kompleksinin velosiped bölməsinin idmançıları tutublar. İkinci yerə isə həvəskarlar komandası layiq görülüb.
Qaliblər rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.
Qeyd edək ki, regionlarda velosiped idman növünün inkişafı məqsədilə həyata keçirilən xüsusi proqram mövcuddur. AzVİF və İsmayıllı Olimpiya İdman Kompleksi arasında əldə olunmuş razılığa əsasən, adı çəkilən idman qurğusunda bir ildən artıqdır ki, velosiped bölməsi fəaliyyət göstərir.