Bəhreyn qəzeti Vətən müharibəsində Qələbədən sonra Azərbaycanda aparılacaq quruculuq işlərindən yazıb
Qahirə, 24 dekabr, AZƏRTAC
Bəhreyn Krallığının “The Daily Tribune - News of Bahrain” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin ölkəmizdə Vətən müharibəsindən sonra aparılacaq quruculuq işlərindən bəhs edən müsahibəsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, “Parlaq gələcəyə doğru quruculuq işləri” sərlövhəli müsahibədə diplomatımız böyük Zəfərlə başa çatan Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılacaq quruculuq işlərindən bəhs edib.
Diqqətə çatdırıb ki, döyüş meydanında məğlub olan Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrini raket atəşinə tutub, nəticədə 100-dən çox mülki şəxs həlak olub, onların 10 nəfəri uşaqlardır. Həmçinin infrastruktur və binalar dağıdılıb. Eyni zamanda, vəhşi düşmən işğaldan azad edilmiş ərazilərimizi də viran qoyub. Dövlətimizin başçısı bəyan edib ki, bütün infrastruktur obyektləri və yaşayış binaları qısa müddətdə bərpa olunacaq və artıq bu işlərə başlanılıb.
Müsahibədə Azərbaycanın iqtisadi tərəqqisi, xüsusən son illərdə qeyri-neft sektorunun inkişafından da danışılıb. Qeyd olunub ki, turizm bu sahənin ən mühüm istiqamətlərindən biridir.
Səfir diqqətə çatdırıb ki, Azərbaycan COVID-19 pandemiyasına qədər olan dövrdə Bəhreyndən 20 mindən çox turist qəbul edib. Ümumilikdə isə son beş ildə Körfəz ölkələrindən ölkəmizə çoxlu sayda turist gəlib. “Azərbaycan müstəqilliyinin ilk illərindən Körfəz ölkələri, o cümlədən Bəhreyn Krallığı ilə əlaqələrin möhkəmlənməsinə böyük əhəmiyyət verib. Bizim əməkdaşlığımız yüksək səviyyədədir və uğurla davam edir”, - deyə diplomat vurğulayıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə