Belçikalı senator Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlandırılıb
Paris, 13 noyabr, AZƏRTACBenilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov Belçika Senatında İslahatçılar Hərəkatı Partiyasının üzvü, senator xanım Dominik Tilmansia ilə görüşündə ona Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib.
O deyib ki, Azərbaycan xeyirxah və mehriban qonşuluq siyasəti yürüdür. Rəsmi Yerevan isə “dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasına düşərək Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirir. Dünya ictimaiyyətini aldatmağa cəhd göstərən Ermənistan öz məqsədinə çatmaq üçün Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağda yaşayan ermənilərdən istifadə edir və onların “hüquqlarını müdafiə etmək” adı altında nəinki Dağlıq Qarabağı, hətta ona bitişik yeddi rayonumuzu işğal edib, bir milyondan artıq azərbaycanlını doğma ata-baba yurdlarından didərgin salıb.
Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparan ermənilər XX əsrdə görünməmiş qətliam - Xocalı soyqırımını törədib. Amma təəssüf ki, Avropa ölkələri, o cümlədən Belçika bu qanlı faciəyə hələ siyasi-hüquqi qiymət verməyib.
S.Qasımov münaqişənin nəinki Cənubi Qafqazın, habelə Avropanın təhlükəsizliyi üçün ciddi təhlükə mənbəyi olduğunu vurğulayıb.
Senator D.Tilmans Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri partiya yoldaşlarına çatdıracağını bildirib və rəhbəri olduğu “Avro Space” layihəsi barədə məlumat verib. Layihədə əsasən peyk sahəsində Azərbaycanla əməkdaşlıq nəzərdə tutulub.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris