Benilüks Azərbaycanlıları Konqresi Hollandiyada Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş tədbir keçirmişdir
Paris, 25 fevral (AZƏRTAC). Hollandiyada fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qurumun təşkilatçılığı ilə fevralın 24-də Amsterdam yahudi Tarixi Soyqırımı Muzeyində Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Benilüks ölkələrində fəaliyyət göstərən Azərbaycan, türk, yəhudi, rus və digər diaspor təşkilatlarının rəhbərləri, bu ölkələrdəki siyasi partiyaların nümayəndələri, əyalət millət vəkilləri və Azərbaycanın Niderland Krallığındakı diplomatları iştirak etmişlər.
Tədbirdə əvvəlcə Vahid Mustafayevin Qarabağ müharibəsinə həsr olunan “Yaddaş” filminin təqdimatı keçirilmişdir.
Film tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.
Tədbirdə, həmçinin “Azərbaycanlı uşaqlar soyqırımı və müharibəyə qarşı” adlı rəsm müsabiqəsi keçirilmiş, birinci, ikinci və üçüncü yeri tutan qaliblərə ölkəmizin Hollandiyadakı səfiri Fuad İsgəndərov tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur.
Tədbirdə çıxış edən BAK sədri Sahil Qasımov, Amsterdam Yəhudi Tarixi Soyqırımı Muzeyinin müdiri Joel Kahene Xocalı faciəsinin 20 illiyi tədbirinin bu muzeydə keçirilməsinin heç də təsadüfü xarakter daşımadığını, vaxtilə yəhudi xalqının da alman faşistləri tərəfindən soyqırımına məruz qaldığını xatırlatmış, tədbirin məkan və zaman baxımından siyasi əhəmiyyətini qeyd etmişlər.
Tədbirdə Avropa İttifaqında akkreditə olunmuş Azərbaycan lobbist qrupunun baş əlaqələndiricisi Mikail Gunes, Hollandiyanın hakim VVD partiyasının üzvü, millət vəkili Koksal Gor, Hollandiya rusdilli yəhudilər cəmiyyətinin sədri Qrigori Pasternak və başqaları çıxış edərək Xocalı faciəsini XX əsrin görünməmiş dəhşətli soyqırımı, ermənilərin azərbaycanlılara qarşı apardığı etnik təmizləmə adlandırmış, Xocalı soyqırımına dünya ictimaiyyətinin siyasi və hüquqi qiymət verməsinin vaxtının gəlib çatdığını vurğulamışlar.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris